iMotors MMC haqqında

2023-cü ildə təsis edilmiş iMotors MMC Azərbaycanda sərnişin və yüngül kommersiya nəqliyyat vasitələrinin satışı və satışsonrası xidmətləri sahəsində fəaliyyət göstərir. Şirkət həmçinin elektrikli avtomobillər üçün şarj cihazlarının satışını həyata keçirir və bu avadanlıqlara xidmət göstərir.

Vizyonumuz

Təmiz və yaşıl ətraf mühitin qorunmasına töhfə verərək ölkəmizin avtomobil sənayesini ekoloji təmiz nəqliyyat vasitələrinin hər kəs üçün əlçatan olduğu davamlı gələcəyə yönləndirmək.

Missiyamız

“iMotors” MMC olaraq geniş çeşiddə hibrid və elektrikli avtomobillər, eləcə də qabaqcıl şarj cihazları təklif etməklə Azərbaycan avtomobil bazarını dəyişdirməyə sadiqik. Aparıcı Çin avtomobil markalarının rəsmi distributoru kimi müştərilərimizə müasir texnologiyaya və ekoloji dayanıqlığa üstünlük verən innovativ, yüksək keyfiyyətli məhsullar təqdim edirik. Peşəkar xidmətimiz və təcrübəmizlə ekoloji təmiz nəqliyyat axtaran bizneslərə və fərdi şəxslərə fərdi həllər təklif edir, hər kəs üçün daha davamlı gələcəyə doğru irəliləyirik.

Rəsmi distributoru olduğumuz brendlər

Avtomobillər: JMC və Wuling
Şarj cihazları: Injeet və Piwin

Wuling

Wuling “SAIC Motor”, “General Motors” və “Guangxi Auto” şirkətlərinin birgə müəssisəsidir və 2002-ci ildə təsis edilib. Markanın Sunshine modeli Forbes tərəfindən “Dünyanın ən əhəmiyyətli avtomobili” adlandırılıb. Wuling dünyada ən çox satılan avtomobillər siyahısında 3-cü yerə yüksəlmiş və bu siyahıdakı yeganə Çin markası olmuşdur. Şirkət “General Motors” ilə birgə müəssisə olduğu üçün bütün zavodlarında “General Motors Global Manufacturing System” istehsal standartlarını tətbiq edir.

JMC

“Ford”, “Isuzu” və “Renault” markaları ilə əməkdaşlıq edən JMC 1947-ci ildə təsis edilib. JMC avtomobilləri Latin Amerikası, Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq bazarlarına ixrac olunur. Şirkət hazırda 50 distributor, 335 xarici diler və 272-dən çox servis mərkəzi ilə fəaliyyət göstərir; 3 istehsal xətti, 5 tam dövrəli avtomobil zavodu və 37 törəmə müəssisəsi var. Jiangling Motors qrupu istehsalda keyfiyyətə və davamlılığa önəm verir və Bosch, Siemens, Philips, Getrag, Honeywell kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Yeni brendlərimiz: Omoda, Jaecoo və Lotus

Portfelimizə yaxın zamanda Omoda, Jaecoo və Lotus avtomobilləri də əlavə olunur.

Omoda

Omoda Çinin ən böyük avtomobil istehsalçılarından olan Chery-nin 2022-ci ildə yaratdığı beynəlxalq brenddir. Gənc və texnologiyaya maraqlı alıcılar üçün nəzərdə tutulan Omoda futuristik dizaynı, zəngin avadanlığı və benzinli, hibrid və elektrikli modelləri ilə seçilir. Brendin ilk modeli olan Omoda C5 krossoveri Avropa, Latin Amerikası, Afrika və Yaxın Şərq bazarlarında satılır.

Jaecoo

Jaecoo Chery-nin 2023-cü ildə Omoda ilə birlikdə təqdim etdiyi yolsuzluq avtomobilləri brendidir. Adı alman dilindəki “Jäger” (ovçu) və ingilis dilindəki “cool” sözlərindən yaranıb. Jaecoo şəhər komfortunu yolsuzluq imkanları ilə birləşdirən J7 və J8 kimi premium SUV-lar, o cümlədən SHS plug-in hibrid texnologiyalı versiyalar təklif edir. 2025-ci ilin avqust ayına qədər Omoda və Jaecoo birlikdə dünya üzrə 600 000-dən çox avtomobil satıb.

Lotus

Lotus 1948-ci ildə mühəndis Colin Chapman tərəfindən İngiltərədə yaradılan əfsanəvi idman avtomobili brendidir. “Yüngüllük və performans” fəlsəfəsi ilə tanınan Lotus Formula 1-də 7 konstruktor çempionluğu qazanıb. 2017-ci ildən Geely Holding qrupunun tərkibində olan brend bu gün Eletre elektrikli hiper-SUV-u, Emeya elektrikli hiper-GT-si və Emira idman avtomobili ilə premium seqmentdə yeni dövrə başlayıb.

Injeet

Injeet 1996-cı ildə təsis edilib və enerji təchizatı sənayesində 27 illək təcrübəyə malikdir. Şirkət fotovoltaik enerji təchizatı üzrə qlobal bazarın 50%-ni tutur. 50 000 m² ofis, 130 000 m² zavod sahəsi və 1 700-dən çox əməkdaşı ilə DC şarj stansiyaları, AC şarj cihazları, günəş enerjisi çeviriciləri və digər məhsullar istehsal edir. Siemens, Schneider, Linde və Fluor kimi onlarla beynəlxalq şirkətlə əməkdaşlıq edir. Şirkətin ISO, CE, CB, TÜV, CMMI və digər təhlükəsizlik və keyfiyyət sertifikatları var.

Piwin

“Zhuhai Pilot Technology Co., Ltd” 2000-ci ildə təsis edilib və Çinin elektrik və enerji sahəsində məhsul və xidmət təklif edən böyük şirkətlərindən biridir. Məhsulları 40-dan çox ölkəyə ixrac olunur. Şirkətin 150 000 m² müasir istehsal sahəsi, 500-dən çox ixtira patenti, 300-dən çox proqram təminatı üzrə müəllif hüququ, həmçinin ISO, CE, CB, TÜV, CMMI və digər təhlükəsizlik və keyfiyyət sertifikatları var.